“ChatGPT” süni intellekt sahəsində görünməmiş bir rekorda imza ataraq, cəmi üç il ərzində 1 milyard aylıq aktiv istifadəçi sayına çatıb. Müqayisə üçün qeyd edək ki, “Google Maps”, “TikTok” və “YouTube” kimi nəhəng platformaların bu göstəriciyə çatması beş ildən səkkiz ilə qədər vaxt aparmışdı. Lakin bu rəqəmlər yalnız mobil tətbiq üzərindən aparılan hesablamalara əsaslanır və “OpenAI” tərəfindən rəsmi təsdiqlənməyib.
Süni intellekt bazarında rəqabət necə dəyişir?
Bazarın lideri olsa da, “ChatGPT” ciddi rəqabətlə üzləşib. “Anthropic” şirkətinin təqdim etdiyi “Claude” tətbiqi 640 faiz artım tempi ilə diqqət çəkir. Hazırda “Claude” 56 milyon istifadəçi bazasına malik olsa da, istifadəçilərin bu platformaya keçid etməsi və orada qalma müddəti bazarın dəyişdiyini göstərir. “ChatGPT” kütləvi seqmentdə dominantlıq etsə də, “Claude” daha çox proqramçılar və korporativ mühitdə güclənir.
Gələcək strategiyalar və maliyyə hədəfləri
Şirkətlər artıq istifadəçi sayından çox gəlirliliyi hədəfləyirlər. “OpenAI” 110 ABŞ dolları dəyərində olan “ChatGPT Pro” tarifini istifadəyə verib. Digər tərəfdən, “Anthropic” şirkətinin illik gəliri 30 milyard ABŞ dollarını keçib və investorlar şirkəti 800 milyard ABŞ dolları dəyərində qiymətləndirirlər. Hər iki nəhəng yaxın vaxtlarda birjaya çıxmağa hazırlaşır.






