“Castlevania: Belmont’s Curse” oyunu rəsmi buraxılışından bir neçə gün əvvəl oyun dünyasının diqqətini cəlb edib. OpenCritic aqreqatorunda artıq 56 rəy dərc olunub və oyun 85% orta göstərici ilə tənqidçilərin 98%-i tərəfindən tövsiyə edilir. Bu layihə 2014-cü ildə təqdim olunan “Castlevania: Lords of Shadow 2”-dən sonra seriyanın ilk yeni oyunu hesab olunur.
Ekspertlər oyunun süjet xəttini, səsləndirmə keyfiyyətini, döyüş sistemini və 2,5D formatındakı vizual tərtibatını yüksək qiymətləndiriblər. “Polygon” nəşri layihəni “praktiki olaraq ideal metroidvania” adlandırıb. Bununla belə, bəzi tənqidçilər sürətli səyahət sisteminin yavaş işləməsindən, idarəetmənin bəzən qeyri-dəqiq olmasından və personajın dirildikdən sonra hadisə yerinə qayıtmasının uzun çəkməsindən narazılıqlarını bildiriblər.
“TheSixthAxis” oyunu seriyanın köklərinə gözəl bir qayıdış kimi qiymətləndirdiyi halda, “Push Square” döyüş sisteminin və səviyyə dizaynının uğurlu olduğunu, lakin janrda inqilabi yeniliklər təqdim etmədiyini qeyd edib. “TechRaptor” isə oyunun çətinlik səviyyəsinin qeyri-bərabər olduğunu vurğulayıb.
Qeyd edək ki, “Castlevania: Belmont’s Curse” 15 oktyabr tarixində PC (Steam, Microsoft Store), PS5, Xbox Series X/S və Nintendo Switch platformaları üçün satışa çıxarılacaq.






