17 aprel tarixində Yaponiyanın "Capcom" şirkəti tərəfindən hazırlanan "Pragmata" adlı elmi-fantastik macəra oyunu rəsmən satışa çıxarılıb. Yeni layihə PC ("Steam" platformasında), "PS5", "Xbox Series X", "Xbox Series S" və "Nintendo Switch 2" konsollarında əlçatandır. Oyunun standart versiyasının qiyməti 60 ABŞ dolları, genişləndirilmiş nəşri isə 70 ABŞ dolları təşkil edir.
Oyun buraxılmazdan əvvəl qərb tənqidçiləri tərəfindən müsbət qarşılanıb. Belə ki, "Metacritic" və "OpenCritic" platformalarında "Pragmata"nın orta balı 87% olaraq qeydə alınıb. "Steam" istifadəçiləri isə oyuna daha böyük rəğbət bəsləyiblər. Hazırda layihə 96% reytinqlə 630-dan çox (digər alışlar nəzərə alınmaqla 960) "son dərəcə müsbət" rəy toplayıb.
Oyunçular əsasən maraqlı süjet xəttini, xarizmatik personajları, qrafikanı və optimizasiyanı tərifləyirlər. Əsas narazılıq isə "Denuvo" mühafizə sisteminin tətbiqi ilə bağlıdır. Hətta "pattience" adlı istifadəçi oyunun təsirindən "Lənətə gəlsin, indi ata olmaq istədim" deyə qeyd edib. Buraxılışdan sonrakı ilk saatlarda "Steam"-də eyni vaxtda oyuna daxil olanların sayı 37 180 nəfərə çatıb.
"Pragmata"nın hadisələri yaxın gələcəkdə aydakı tədqiqat stansiyasında cərəyan edir. Baş qəhrəmanlar olan kosmonavt Hyu və android qız Diana kompleksi idarə edən və kontroldan çıxmış süni intellektə qarşı mübarizə aparmalı, daha sonra isə Yer kürəsinə qayıtmalıdırlar.






