Yaponiyanın "Capcom" nəşriyyatı tərəfindən keçən həftə təqdim edilən elmi-fantastik "Pragmata" oyunu satış göstəricilərinə görə əsl hitə çevrilib. Şirkətin rəsmi saytında dərc olunan press-relizə əsasən, layihənin qlobal satışları rəsmi premyeradan cəmi iki gün sonra 1 milyon nüsxəni geridə qoyub. "Capcom" nümayəndələri bu nəticəni yeni əqli mülkiyyət əsasında yaradılmış oyun üçün "güclü start" adlandırıblar.
Yeni macəra oyunu təkcə satışlarda deyil, həm də reytinqlərdə yüksək nəticələr nümayiş etdirir. Belə ki, "Pragmata" "Metacritic" və "OpenCritic" platformalarında tənqidçilərdən 87%, "Steam" istifadəçilərindən isə "son dərəcə müsbət" (96%) rəylər alıb. Layihə qısa müddətdə qlobal bestsellerlərin ilk üçlüyünə daxil olub. Ötən həftəsonu "Valve" xidmətində oyunun pik onlayn istifadəçi sayı 68 687 nəfərə çatıb.
Şirkətin məlumatına görə, bu uğurlu layihənin arxasında əsasən gənc mütəxəssislərdən ibarət komanda dayanır. Yaradıcı heyət özünəməxsus dünyada döyüş mexanikası ilə tapmaca elementlərinin uğurlu sintezini yarada bilib. Oyunun populyarlığının artmasına həmçinin sınaq versiyasının buraxılması və "Nintendo Switch 2" konsolunda işıq üzü görməsi də müsbət təsir göstərib.
"Pragmata" oyununun süjet xətti yaxın gələcəkdə Ayda yerləşən tədqiqat stansiyasında cərəyan edir. Kosmonavt Hyu və android qız Diana stansiyanı idarə edən və kontroldan çıxmış süni intellektə meydan oxuyaraq Yerə qayıtmağa çalışırlar. Qeyd edək ki, oyun 17 aprel tarixində "PC", "PS5", "Xbox Series X", "Xbox Series S" və "Nintendo Switch 2" platformaları üçün istifadəyə verilib.






