Yaponiyanın tanınmış oyun inkişaf etdiricisi və naşiri olan "Capcom", 31 martda başa çatan maliyyə ili üzrə hesabatını açıqlayıb. Şirkətin xalis satışları əvvəlki illə müqayisədə 15,2% artaraq 195,3 milyard yapon iyeni (təxminən 1,24 milyard ABŞ dolları) təşkil edib. Əməliyyat mənfəəti isə 14,5% yüksələrək 75,3 milyard yapon iyeninə (480 milyon ABŞ dolları) çatıb. Bu nəticələr sayəsində şirkət ardıcıl doqquzuncu ildir ki, bütün səviyyələrdə rekord satış və mənfəət əldə edir.
Hesabat dövründə "Capcom" ümumilikdə 59,07 milyon nüsxə oyun sataraq yeni bir rekorda imza atıb. Ötən il bu göstərici 51,81 milyon nüsxə olmuşdu. Bu uğurda ən böyük paylardan biri cəmi iki ay ərzində dünya üzrə 7 milyon nüsxə satılan "Resident Evil Requiem" döyüş-qorxu oyununa məxsusdur.
Şirkətin məşhur franşizalarının ümumi satış göstəriciləri də diqqət çəkir. Belə ki, "Resident Evil" seriyasının ümumi satışları 201 milyon nüsxəni geridə qoyub. Digər populyar oyunlardan "Monster Hunter" 127 milyon, "Street Fighter" 59 milyon, "Devil May Cry" 38 milyon, "Dead Rising" 19 milyon, "Dragon’s Dogma" 14 milyon və "Okami" isə 4,8 milyon nüsxə satılıb.
Süni intellekt oyun yaradılmasını necə dəyişəcək?
Maliyyə uğurları ilə yanaşı, "Capcom" gələcək inkişaf strategiyasını da elan edib. Naşir, inkişaf prosesinin məhsuldarlığını və səmərəliliyini artırmaq məqsədilə generativ süni intellekt texnologiyalarına böyük sərmayə yatırır. Əsas hədəf, işçiləri rutin tapşırıqlardan azad edərək onların yaradıcı işlərə daha çox vaxt ayırmasını təmin etməkdir.
Şirkətin yanaşmasına görə, konsept-artların hazırlanması, vizual istinadların toplanması və ilkin ideyaların formalaşdırılması kimi proseslər rutin tapşırıqlar hesab olunur. Əgər əvvəllər beyin həmləsi üçün bir neçə mütəxəssisin iştirakı tələb olunurdusa, yeni strategiyaya əsasən, süni intellektlə silahlanmış tək bir əməkdaş bu vəzifənin öhdəsindən asanlıqla gələ biləcək.






