Yaponiyanın ofis texnikası istehsalçısı olan "Canon" şirkəti son altı ay ərzində ikinci dəfə lazer printerləri istehsal edən zavodunu bağlayır. Çindəki müəssisənin ardınca, bu dəfə şirkətin Filippindəki sonuncu montaj xətti fəaliyyətini dayandıracaq. Manilanın kənarında yerləşən və 2013-cü ildə açılmış fabrik iyun ayının sonunda tamamilə bağlanacaq.
Müəssisədə çalışan təxminən 1400 işçi ixtisar ediləcək. Şirkət onlara müvafiq işdənçıxarma müavinətlərinin ödəniləcəyini və yeni iş tapmaqda köməklik göstəriləcəyini bildirib. "Canon" rəhbərliyi boşalan istehsalat sahəsinin gələcək taleyi ilə bağlı hələ yekun qərar qəbul etməyib, lakin obyektin yeni mülkiyyətçiyə satılması variantı da istisna olunmur.
Şirkət rəsmiləri çap avadanlıqlarına olan tələbatın əvvəlki səviyyəyə qayıdacağına inanmadıqları üçün istehsal gücünü başqa ölkələrə köçürmək niyyətində deyillər. Bu qərarın arxasında kağız sənəd dövriyyəsindən imtina tendensiyası və Çin şirkətləri tərəfindən artan rəqabət dayanır. Xatırladaq ki, hələ yanvar ayında "Canon" qlobal miqyasda printer istehsalı obyektlərinin optimallaşdırılmasına başlayacağını elan etmişdi. Plana əsasən, 2028-ci ilə qədər bu sahədə çalışan personalın sayının 30%, istehsalat sahələrinin isə 40% azaldılması nəzərdə tutulur.






