"Activision" şirkəti qarşıdan gələn "Call of Duty: Modern Warfare 4" oyununun buraxılış günü "Game Pass" platformasında təqdim edilməyəcəyini açıqlayıb. Bu, 2023-cü ildən bəri seriyanın abunəlik xidmətində yer almayan ilk flaqman oyunu olacaq. Şirkət bu faktı hətta reklam bannerlərində istifadə edərək, istifadəçiləri oyunu əvvəlcədən sifariş etməyə təşviq edir.
ResetEra forumunun istifadəçiləri tərəfindən aşkar edilən reklam materiallarında "Call of Duty: Modern Warfare 4. Kampaniyaya erkən giriş əldə edin. Bu il Game Pass-də yoxdur. İndi ön sifariş verin" şüarları yer alıb. Bu yanaşma, oyunçuları abunəlik xidmətini gözləmək əvəzinə birbaşa alışa yönəltmək məqsədi daşıyır.
Nə üçün bu qərar qəbul edilib?
Microsoft 2023-cü ildə "Activision Blizzard" şirkətini 68,7 milyard ABŞ dolları qarşılığında satın alarkən, əsas hədəflərdən biri "Call of Duty" oyunlarını "Game Pass" vasitəsilə populyarlaşdırmaq idi. Lakin Bloomberg agentliyinin məlumatına görə, bu strategiya gözlənilən nəticəni verməyib. Xüsusilə, "Call of Duty: Black Ops 6"-nın abunəliyə daxil edilməsi şirkətə 300 milyon ABŞ dolları gəlir itkisi ilə başa gəlib.
Nəticədə, "Xbox" rəhbərliyi "Game Pass" abunəlik qiymətlərində dəyişiklik etməyə və yeni oyunların buraxılış günü xidmətə əlavə edilməsi praktikasından imtina etməyə məcbur qalıb. 23 oktyabr tarixində satışa çıxacaq "Call of Duty: Modern Warfare 4" oyunu PC, PS5, Xbox Series X/S və Nintendo Switch 2 platformalarında istifadəyə veriləcək.






