ABŞ-ın "Anthropic" süni intellekt şirkəti ilə Pentaqon arasında yaşanan gərginlik fonunda Böyük Britaniya fürsətdən yararlanmağa çalışır. RADIX.AZ xəbər verir ki, Britaniya hökuməti San-Fransiskoda yerləşən şirkətin Londondakı fəaliyyətini genişləndirməsi üçün xüsusi təkliflər hazırlayıb. "Financial Times"ın məlumatına görə, bu təkliflərə London ofisinin böyüdülməsi və səhmlərin ikili listinqi daxildir.
ABŞ ilə yaşanan gərginlik
Bu strateji addım Anthropic-in ABŞ Müdafiə Nazirliyi ilə yaşadığı ictimai münaqişədən sonra gəlir. Şirkət süni intellekt təhlükəsizliyi qaydalarından geri çəkilmədiyi üçün Pentaqon müqaviləni ləğv edərək şirkəti "təchizat zənciri riski" elan edib. Hazırda bu qərar məhkəmə tərəfindən müvəqqəti dayandırılsa da, tərəflər arasındakı mübahisə davam edir.
London uğrunda rəqabət
Şirkətin baş direktoru Dario Amodeinin may ayında Böyük Britaniyaya səfər edəcəyi gözlənilir. Bununla belə, Anthropic Londonda güclü rəqiblə üzləşəcək. Belə ki, fevral ayında "OpenAI" şirkəti də Britaniya paytaxtında fəaliyyətini genişləndirməyi öhdəsinə götürüb. Britaniya Elm, İnnovasiya və Texnologiya Departamentinin rəsmiləri son həftələrdə bu istiqamətdə səylərini xeyli artırıblar.



