Ceff Bezosa məxsus "Blue Origin" şirkəti bazar günü Florida ştatındakı Kanaveral burnundan "New Glenn" raketini uğurla buraxıb. Raketin təkrar istifadə edilə bilən sürətləndirici bloku eniş meydançasına problemsiz qayıtsa da, yuxarı pillədə ciddi nasazlıq yaranıb. "Orlando Sentinel" nəşrinin əldə etdiyi məlumata görə, ABŞ Federal Aviasiya İdarəsi (FAA) yükün səhv orbitə çatdırılması səbəbindən raketin sonrakı uçuşlarına qadağa qoyub.
Uğursuzluq nəticəsində "AST SpaceMobile" şirkətinə məxsus "BlueBird 7" peyki hədəflənən mövqeyə çatmayıb. Şirkətin açıqlamasına görə, peyk planlaşdırılandan daha aşağı orbitə yerləşdirilib və bu səviyyə əməliyyatların davam etdirilməsi üçün kifayət deyil. Yaranmış vəziyyətlə əlaqədar olaraq, fəaliyyət qabiliyyətini itirmiş peykin orbitdən çıxarılmasına qərar verilib.
"Blue Origin" ikinci pillənin mühərriklərini söndürdüyünü və qeyri-standart orbitə çatdıqdan sonra hərəkətsiz fazaya keçdiyini təsdiqləyib. Lakin şirkət problemin nədən qaynaqlandığı və ya pillənin Yerə nə vaxt qayıdacağı barədə əlavə məlumat verməyib. Astronom Conatan Makdauell qeyd edib ki, Kosmik Qüvvələrin məlumatları orbitdə bir obyektin olduğunu göstərir, lakin bunun peyk, yoxsa raketin yuxarı pilləsi olduğu hələlik məlum deyil. "The Verge" nəşrinin sorğusuna nə FAA, nə də "Blue Origin" dərhal cavab verib.
Qeyd edək ki, bu, FAA tərəfindən tətbiq edilən ilk belə məhdudiyyət deyil. Qurum 2022-ci ildə sürətləndirici blokda baş verən qəzadan sonra "Blue Origin"in "New Shepard" raketinin uçuşlarını bir ildən çox müddətə dayandırmışdı. Bundan əlavə, keçmişdə buraxılış zamanı yaranan nasazlıqlara görə "SpaceX" şirkətinə məxsus "Starship" və "Falcon 9" raketlərinin də uçuşları müvəqqəti olaraq qadağan edilmişdi.






