"Sony" şirkəti qotik üslublu məşhur "Bloodborne" dünyasına geri dönür. Şirkətin açıqlamasına görə, oyun əsasında R-reytinqli (böyüklər üçün) animasiya filmi hazırlanır. Süjet detalları hələlik gizli saxlanılsa da, layihənin prodüseri kimi tanınmış yutuber və oyunun böyük pərəstişkarı olan Seán "Jacksepticeye" McLoughlin çıxış edəcək. Filmin nə vaxt ekranlara çıxacağı barədə isə hələlik heç bir məlumat yoxdur.
İlk dəfə 2015-ci ildə "PS4" konsolu üçün buraxılmış "Bloodborne", qaranlıq fentezi janrında olan "Souls" seriyasının yaradıcısı "FromSoftware" komandası tərəfindən hazırlanıb. Oyun özünün amansız çətinliyi ilə yanaşı, hadisələrin cərəyan etdiyi Yharnam şəhərinin unikal atmosferi ilə də sevilir. Süjetə əsasən, bu şəhər sakinlərini vəhşi məxluqlara çevirən təhlükəli virusun cəngindədir.
Qeyd edək ki, "Sony" özünün ən böyük "PlayStation" layihələrinin ekranlaşdırılmasında fərqli nəticələr əldə edib. "HBO" tərəfindən çəkilən "The Last of Us" böyük uğur qazansa da, "Uncharted" və "Twisted Metal" kimi layihələr eyni dərəcədə populyar ola bilməyib. Şirkətin növbəti böyük işi isə "Prime Video" üçün hazırlanan "God of War" serialıdır. Bundan əlavə, "A24" studiyası rejissor Alex Garland-ın rəhbərliyi altında digər bir "FromSoftware" hiti olan "Elden Ring" oyununun da adaptasiyası üzərində işləyir.






