ABŞ-ın oyun nəhəngi "Blizzard Entertainment" 2022-ci ilin yazından etibarən Rusiyadakı fəaliyyətini dayandırsa da, şirkətin məhsulları ölkədə populyarlığını qoruyub saxlayırdı. Lakin son bir həftə ərzində "Steam" və "Blizzard"-ın rəsmi forumları rusiyalı istifadəçilərin kütləvi şikayətləri ilə dolub. İstifadəçilər "Diablo IV", "Overwatch" və "World of Warcraft" oyunlarında davamlı əlaqə qopmaları ilə üzləşdiklərini bildirirlər.
Problemlər nə vaxt başlayıb və nədən qaynaqlanır?
Texniki nasazlıqlar 8 iyul tarixindən 9 iyul tarixinə keçən gecə müşahidə olunmağa başlayıb və ölkənin müxtəlif regionlarını əhatə edib. Oyunçular "Battle.net" xidmətinə daxil ola bilmir, sessiyalara qoşularkən və ya oyun prosesi zamanı serverdən kənarlaşdırılırlar. Forum iştirakçıları texniki dəstək xidmətinə istinad edərək, giriş məhdudiyyətlərinin "Roskomnadzor" tərəfindən tətbiq edildiyini iddia edirlər.
İstifadəçilər çıxış yolunu nədə görür?
Yaranmış vəziyyətlə bağlı istifadəçilər blokları aşmaq üçün müxtəlif qeyri-rəsmi üsullara əl atmağa məcbur qalıblar. Forumlarda və sosial şəbəkələrdə oyunlara girişi bərpa etmək üçün müxtəlif "bypass" metodları geniş yayılır. Qeyd edək ki, 2018-ci ildə də tənzimləyici qurum "Blizzard"-ın IP ünvanlarından birini müvəqqəti olaraq bloklamışdı.






