Akvariumlar ev və ofis interyerini gözəlləşdirsə də, canlı varlıqlara qulluq etmək hər kəs üçün asan deyil. Bu problemi həll etmək məqsədilə Çinin "FullDepth" şirkəti "Bionic Arowana" adlı robot balıq modelini nümayiş etdirib. Bu qadcet əsasən Amazon hövzəsində yaşayan və qulluğu olduqca çətin olan nadir arovana balığının texnoloji analoqudur.
Təbii arovana balıqları 122 sm uzunluğa qədər böyüyə bilir və xüsusi təmiz su, canlı yem tələb edir. "FullDepth" tərəfindən yaradılan robotun uzunluğu isə 69 sm, hündürlüyü 20 sm, çəkisi isə 3,8 kq təşkil edir. Cihaz saatda 1,9 km sürət yığaraq təbii balığın hərəkətlərini tamamilə təkrarlayır. Daxilindəki litium-ion batareya tam şarjla 12 saat fasiləsiz işləməyə imkan verir.
"Bionic Arowana" akvarium daxilində tam avtonom rejimdə üzə bilir. Eyni zamanda, dayaz sularda işləyən məsafədən idarəetmə funksiyası da mövcuddur. Robot ümumilikdə 20 metr dərinliyə qədər suya dala bilir. Hələlik Çindən kənarda satışı həyata keçirilməyən cihazın təxmini qiyməti 5 min ABŞ dolları olacaq. Qeyd edək ki, bu növün canlı nümayəndələrinin qiyməti bəzən yüz minlərlə ABŞ dollarına çata bilir.






