“Bigme” şirkəti texnologiya dünyasında bir ilki reallaşdıraraq, 60 Hz yenilənmə tezliyini dəstəkləyən 25,3 düymlük rəngli “E Ink” monitoru olan “B251 Pro” modelini satışa çıxarıb. Yeni qurğu 3200 × 1800 piksel təsvir ölçüsünə malik “Kaleido 3” panelindən istifadə edir. Monitor 4096 rəng çalarını və 16 boz tonunu dəstəkləyərək 145 PPI piksel sıxlığı təqdim edir.
“B251 Pro” modelini rəqiblərindən, o cümlədən “DASUNG” və “BOOX” kimi şirkətlərin oxşar ölçülü monitorlarından fərqləndirən əsas cəhət məhz 60 Hz yenilənmə tezliyidir. Məsələn, “DASUNG Paperlike Color” modeli 33 Hz tezliklə məhdudlaşır. Yeni monitor həmçinin tənzimlənən isti və soyuq işıqlandırma, eləcə də işıqlı və qaranlıq rejim dəstəyi ilə təchiz edilib.
Qurğu HDMI və DisplayPort girişləri ilə təchiz olunub, USB-C portu isə yalnız proqram təminatının yenilənməsi üçün nəzərdə tutulub. Dəstə daxil olan xüsusi stend ekranın bucağını və istiqamətini (portret rejimi daxil olmaqla) tənzimləməyə imkan verir. Hazırda monitorun qiyməti 1279 min ABŞ dolları təşkil edir ki, bu da ilkin elan edilən 1599 min ABŞ dollarından daha münasibdir.
Qeyd etmək lazımdır ki, “E Ink” panelləri hələ də piksel cavab müddəti və hərəkətli görüntülərin keyfiyyəti baxımından müəyyən məhdudiyyətlərə malikdir. Bu monitorlar mətnlə işləmək üçün ideal olsa da, dinamik oyunlar üçün uyğun deyil və ənənəvi LCD və ya OLED ekranların tam əvəzedicisi hesab edilmir.






