Bethesda Game Studios-un yaradıcı rəhbəri Todd Howard-ın 25 ildən çoxdur arzuladığı kosmik rol oyunu olan "Starfield", studiya daxilində hamı tərəfindən eyni həvəslə qarşılanmayıb. "The Elder Scrolls V: Skyrim"-in aparıcı dizayneri Kurt Kuhlmann FRVR-ə verdiyi müsahibədə bildirib ki, 2015-ci ildə "Fallout 4" tamamlandıqdan sonra komanda əsas diqqətini "The Elder Scrolls VI"-ya yönəltməyi planlaşdırırdı.
Lakin planlar gözlənilmədən dəyişib. Kuhlmann qeyd edib ki, "Fallout 76" layihəsində yaranan çətinliklər səbəbindən əsas komanda bu oyuna cəlb edilib. İşlər yekunlaşdıqdan sonra isə Todd Howard kollektivə növbəti layihənin "Starfield" olacağını elan edib. Kuhlmann etiraf edib ki, şəxsən özü də daxil olmaqla, studiya əməkdaşlarının böyük hissəsi kosmik oyun yerinə "The Elder Scrolls VI" üzərində işləməyə üstünlük verirdi.
"Starfield" gözləntiləri doğrultdumu?
Todd Howard-ın ən böyük kosmik RPG yaratmaq istəyinə baxmayaraq, "Starfield" oyunçular və tənqidçilər tərəfindən qarışıq reaksiyalarla qarşılandı. Bir çox azarkeş üçün oyun gözlənilən uğuru qazanmadı. Buna baxmayaraq, Howard hələ də layihənin gələcəyinə inandığını bildirir.
Hazırda "The Elder Scrolls VI" üzərində işlər davam edir. İlk dəfə E3 2018-də anons edilən oyun, 2023-cü ilin yayından etibarən aktiv inkişaf mərhələsinə keçib. Bloomberg jurnalisti Jason Schreier-in məlumatına görə, oyunun çıxışına hələ ən azı iki-üç il vaxt var.






