"Electronic Arts" və "Battlefield Studios" (DICE, Ripple Effect, Motive, Criterion) tərəfindən hazırlanan hərbi şuter "Battlefield 6" üçün 4-cü kontent mövsümünün təfərrüatları məlum olub. Yeni yayımlanan treyler oyunçulara dəniz döyüşləri, genişmiqyaslı xəritələr və yeni texniki imkanlar haqqında geniş məlumat verir.
Mövsümün əsas yeniliyi seriya tarixində ən böyük xəritə hesab olunan "Tsuru Reef" (Риф Цуру) olacaq. Bundan əlavə, mövsümün ortasında franşizanın əvvəlki hissələrindən tanış olan və pərəstişkarların sevimli məkanı sayılan "Wake Island" (Остров Уэйк) xəritəsi də oyuna əlavə ediləcək. 21 iyul tarixində start götürəcək yeniləmə, dəniz döyüşləri ilə yanaşı, dinamik dalğalar və xüsusi su nəqliyyatı vasitələrini də özündə birləşdirir.
4-cü mövsümdə oyunçuları nələr gözləyir?
Yeni mövsüm təkcə xəritələrlə məhdudlaşmır; oyunçulara dörd növ yeni silah, o cümlədən müasir snayper tüfəngi təqdim olunacaq. Həmçinin, oyun təcrübəsini təkmilləşdirmək üçün xüsusi lobbilər, müşahidəçi rejimi və yeni döyüş bileti (battle pass) istifadəyə veriləcək. "Battlefield 6" 10 oktyabr tarixində PC, PS5, Xbox Series X və S platformaları üçün buraxılmışdı.
Qeyd edək ki, "Steam" platformasında qarışıq rəylərə baxmayaraq, oyun franşiza tarixində rekord satış göstəricilərinə imza atıb və 2025-ci ilin yekunlarına görə ABŞ-da ən çox satılan oyun olub. "Battlefield Studios" artıq payız ayları üçün 5-ci mövsümün hazırlıqlarına başlayıb və bu yeniləmədə üç yeni xəritənin təqdim ediləcəyi gözlənilir.






