"Microsoft" şirkətinin sabiq baş direktoru Steve Ballmerin həyat yoldaşı və "Ballmer Group"un həmtəsisçisi Connie Ballmer "NPR" (National Public Radio) təşkilatına 80 milyon ABŞ dolları məbləğində vəsait bağışlayıb. Bu məbləğ Donald Tramp və Konqresin ictimai media üçün ayırdığı büdcəni kəsməsindən sonra təxminən yeddi illik dövlət maliyyələşməsinə (11,2 milyon ABŞ dolları) bərabərdir. Buna baxmayaraq, sözügedən rəqəm "NPR"in 300 milyon ABŞ dolları təşkil edən illik büdcəsinin yalnız kiçik bir hissəsidir.
Mətbuat açıqlamasına görə, ayrılan vəsait xüsusi olaraq izləyicilərin informasiya ehtiyaclarını qarşılamaq üçün vacib olan rəqəmsal innovasiyaları dəstəkləmək məqsədi daşıyır. "NPR" jurnalisti David Folkenflik qeyd edir ki, bu ianə və anonim mənbədən gələn əlavə 33 milyon ABŞ dolları xəbər əhatəsini genişləndirmək üçün deyil, məhz konkret rəqəmsal məqsədlər üçün nəzərdə tutulub. Ümumilikdə 113 milyon ABŞ dolları həcmində yeni ianələrin mövcud iş yerlərini qoruyacağı gözlənilmir.
"NPR"in prezidenti və baş direktoru Katherine Maher əlavə maliyyə vəsaitinə baxmayaraq, işçilərin ixtisar ediləcəyini istisna etmir. O bildirib ki, bu vəsaitlər federal maliyyələşməni və büdcə kəsirlərini əvəz etmir. Şirkət rəhbərliyi gündəlik fəaliyyətini effektiv şəkildə davam etdirmək üçün müxtəlif ixtisar ssenariləri üzərində işləyir. Həmçinin, milli xəbər əhatəsi üçün yerli stansiyaların müxbirlərinə daha çox etibar edilməsi imkanları da nəzərdən keçirilir.
Connie Ballmer öz qərarını cəmiyyətin məlumatlandırılmasının vacibliyi ilə əlaqələndirib. O, "NPR"in mətbuat açıqlamasında qeyd edib:
"Mən 'NPR'i dəstəkləyirəm, çünki məlumatlı cəmiyyət bizim cəmiyyətimizin təməlidir və demokratiya güclü, müstəqil jurnalistika tələb edir. Ümid edirəm ki, bu öhdəlik 'NPR'in cəsarətlə yeniliklər etməsi və milli şəbəkəsini gücləndirməsi üçün ehtiyac duyduğu sabitliyi və qığılcımı təmin edəcək."






