Avropa İttifaqı Şurası tərəfindən dərc olunan rəsmi sənədlərə əsasən, sanksiyalar siyahısı genişləndirilib. Bu siyahıya "VK" şirkəti ilə yanaşı, "Max" messencerinin tərtibatçısı olan "Kommunikasiya platforması" MMC və onun baş direktoru Yelena Baqudina da daxil edilib. Aİ rəsmiləri "Max" messencerinin FTB (Federal Təhlükəsizlik Xidməti) tərəfindən nəzarətdə saxlanıldığını və istifadəçilərə qarşı izləmə imkanlarına malik olduğunu iddia edir.
Sənəddə həmçinin qeyd olunur ki, "Max" tətbiqinin təşviqi prosesində "WhatsApp" və "Telegram" kimi populyar platformaların işinin məhdudlaşdırılması, eləcə də VPN xidmətlərinin istifadəsinin qarşısının alınması üçün müxtəlif tədbirlər görülüb. Buna baxmayaraq, "VK" şirkətinin mətbuat xidməti sanksiyaların onların cari fəaliyyətinə heç bir təsir göstərmədiyini bəyan edib. Şirkət nümayəndələri bütün tətbiqlərin və xidmətlərin istifadəçilər üçün əvvəlki qaydada əlçatan olduğunu vurğulayıblar.
Xatırladaq ki, iyun ayının sonlarında "Apple" şirkəti sanksiya qanunvericiliyinə riayət etmək məqsədilə "VK"-nın əsas tətbiqlərini, o cümlədən "VKontakte", "VK Messenger", "VK Music" və "VK Video"-nu "App Store"-dan silib. "Max" messenceri isə daha əvvəl, iyunun 4-də mağazadan çıxarılmışdı. Hazırda bu tətbiqlər quraşdırılmış cihazlarda işləməyə davam etsə də, istifadəçilər yeniləmələri ala bilmir və push-bildirişlərlə bağlı problemlərlə üzləşirlər.






