"Denuvo" antipirat mühafizə sistemi və "Roskomnadzor"un bloklamalardan yan keçmə vasitələrinə qarşı mübarizəsi "Atomic Heart" retro-futuristik şuterinin lisenziyalı alıcısı üçün xoşagəlməz problemlər yaradıb. "DTF" resursunun vr1razor ləqəbli istifadəçisi "VK Play" rəqəmsal mağazasından aldığı nüsxəni işə sala bilmədiyini bildirib. Analoji vəziyyətlə "Steam" platformasındakı bəzi oyunçular da üzləşib.
"VK Play" servisinin texniki dəstək xidməti təsdiqləyib ki, problemin əsas səbəbi oyun müştərisinin mühafizə serverləri ilə əlaqə qura bilməməsidir. Dəstək xidməti istifadəçiyə izah edib ki, bu hal lokal internet problemləri və ya provayderin qoşulmanı bloklaması nəticəsində baş verə bilər. Problemin həlli üçün kompüterin virtual məkanını dəyişməyə imkan verən alternativ internet bağlantısından istifadə etmək məsləhət görülüb.
Başqa sözlə, lisenziyalı "Atomic Heart" versiyasının Rusiyada işləməsi üçün texniki dəstək son illərdə "Roskomnadzor" tərəfindən aktiv şəkildə bloklanan VPN xidmətlərini tövsiyə edir. Qeyd edək ki, "Atomic Heart" 2023-cü ilin fevralında PC, PS4, PS5, Xbox One, Xbox Series X və S platformaları üçün buraxılıb. Oyun indiyədək dörd əlavə paket alıb və keçən yay onun davam hissəsi anons edilib.






