"Mundfish" studiyasının təsisçisi Robert Baqratuni "Wccftech" nəşrinə verdiyi müsahibədə gözlənilən "Atomic Heart 2" və "The Cube" oyunları barədə mühüm açıqlamalar verib. Rəhbərin sözlərinə görə, studiya generativ süni intellekt imkanlarını aktiv şəkildə araşdırsa da, bu texnologiyanı inkişaf prosesinə inteqrasiya etməmək qərarına gəlib. Komanda neyron şəbəkələrə arxalanmadan da böyük uğur qazana biləcəyinə əmindir.
Aprel ayının ortalarında təqdim edilən "Blood on Crystal" adlı sonuncu hekayə əlavəsi sadəcə yan xətt deyil, həm də əsas süjetin yekunu hesab olunur. Bu genişlənmə birbaşa olaraq "The Cube" və "Atomic Heart 2" layihələrinə körpü rolunu oynayır. Əlavənin buraxılışından sonra DLC üzərində çalışan komanda tam tərkibdə yeni oyunların hazırlanmasına cəlb edilib. Hazırda "Mundfish" daxilində yüzlərlə istedadlı mütəxəssis fəaliyyət göstərir.
Baqratuni təsdiqləyib ki, "The Cube" adlı çoxoyunçulu RPG şuter oyunu "Atomic Heart 2"-dən daha tez işıq üzü görəcək. O, yaxın vaxtlarda "həqiqətən də ağlasığmaz" yeniliklərin paylaşılacağını vurğulayıb. Qeyd edək ki, "Atomic Heart 2" fərdi kompyuterlər ("Steam"), "PS5", "Xbox Series X" və "S" üçün, "The Cube" isə "Steam" və hələlik adı açıqlanmayan konsollar üçün hazırlanır. Paralel olaraq, studiya "Ill" adlı qorxu oyununun müəlliflərinə də dəstək göstərir.






