"Ubisoft" şirkətinin istehsalı olan "Assassin's Creed Mirage" oyununda tətbiq edilən mübahisəli "Denuvo" müdafiə sistemi haker qrupu "Rune" tərəfindən tamamilə aradan qaldırılıb. Daha əvvəl "voices38" adlı haker tərəfindən həyata keçirilən ilkin sındırma cəhdi yalnız müdafiəni bypass etsə də, sistem arxa planda işləməyə davam edirdi. Yeni versiya isə həm "Denuvo", həm də "VMProtect" mexanizmlərini tamamilə silərək oyunu daha yüngül hala gətirib.
Performans testləri nəyi göstərir?
"Rune" tərəfindən hazırlanan versiyada icra edilə bilən faylın ölçüsü 496 MB-dan 102 MB-a qədər azalıb. Yutuber "Kevin's Tech Vids" tərəfindən "Intel Core i7-13700K" prosessoru, "Nvidia RTX 5080" qrafik kartı və 64 GB operativ yaddaşla aparılan testlər təsirli nəticələr ortaya qoyub:
- Yükləmə sürəti: Həm ilkin, həm də növbəti yükləmələr əhəmiyyətli dərəcədə sürətlənib.
- Minimum FPS: Müdafiəsiz versiyada göstərici 51-dən 90-a yüksələrək 76% artım nümayiş etdirib.
- Orta FPS: Orta kadr tezliyi 162-dən 186-ya çataraq 14% artıb.
- Maksimum FPS: Bu göstərici hər iki versiyada demək olar ki, eyni (232-233) qalıb.
2023-cü ilin oktyabrında işıq üzü görən "Assassin's Creed Mirage" hazırda PC, PS4, PS5, Xbox One, Series X/S, həmçinin "iPhone" və "Steam" platformalarında mövcuddur. Oyunun müdafiə sistemindən təmizlənməsi, bu texnologiyanın oyun performansına mənfi təsir göstərdiyinə dair iddiaları bir daha gündəmə gətirib.






