Fransanın "Ubisoft" şirkəti "Assassin’s Creed Black Flag Resynced" oyununun tam anons tarixini təsdiqləməyə macal tapmamış, açıq dünyalı pirat aksiyonu yeni sızıntının qurbanı olub. "intercelluar" ləqəbli məlumat mədənçisi tərəfindən oyunun anons treylerindən 10 saniyəlik video parçası və üç ekran görüntüsü yayımlanıb. Sızdırılan məlumatlara görə, debüt treylerinin ümumi davametmə müddəti 1 dəqiqə 8 saniyə təşkil edəcək.
Paylaşılan qısa fraqmentdə dəniz döyüşündən əvvəlki səhnələr nümayiş etdirilir. Videodakı detallı modellər, reallığa yaxın teksturalar və təsirli partlayış effektləri oyunun yüksək keyfiyyətindən xəbər verir. "Reddit" platformasının istifadəçiləri sızdırılan kadrları müzakirə edərək, onu keçmişin kinematoqrafik treylerləri ilə müqayisə ediblər. Hətta "Darkmatter12-6" adlı istifadəçi gördüklərini
"Lənətə gəlsin, möhtəşəm görünür"sözləri ilə ifadə edib.
Qeyd edək ki, "Assassin’s Creed Black Flag Resynced" orijinal "Assassin’s Creed IV: Black Flag" oyununun sıfırdan yaradılmış remeykidir və özündə yeni məzmunla yanaşı, bir sıra qeympley təkmilləşdirmələrini ehtiva edir. Layihənin rəsmi təqdimatı 23 aprel tarixində (Moskva vaxtı ilə 19:00-da) baş tutacaq. Tanınmış insayder "Tom Henderson" tərəfindən verilən məlumata görə isə, oyun 9 iyul tarixində satışa çıxarılacaq.






