"Assassin's Creed Black Flag Resynced" oyununun son nümayişi qrafik keyfiyyəti ilə diqqət çəksə də, bəzi detallar azarkeşləri narahat etmişdi. Reddit və ResetEra forumlarında istifadəçilər döyüş səhnələrində qan effektlərinin olmadığını bildirmişdilər. Lakin Ubisoft Singapore studiyasının prodüseri Castin İnq (Justin Ng) bu iddialara cavab verərək, oyunda qan səhnələrinin olacağını və bunun "hətta ödənişli DLC şəklində təqdim edilməyəcəyini" vurğulayıb.
Prodüser həmçinin oyunçuların döyüş zamanı həddindən artıq vizual və səs effektlərindən narazı qaldığını bildiklərini qeyd edib. Onun sözlərinə görə, tərtibatçı komanda hər iki elementin intensivliyini azaltmağı planlaşdırır. Bundan əlavə, son təqdimatda göstərilməsə də, mülki əhali arasında gizlənməyə imkan verən sosial stels mexanikası oyunda öz yerini qoruyub saxlayacaq.
Qeyd edək ki, "Black Flag Resynced" layihəsi Ubisoft Quebec tərəfindən Ubisoft Singapore studiyasının dəstəyi ilə sıfırdan yaradılır. Oyun ən yeni Anvil mühərriki üzərində hazırlanır. Yenilənmiş versiyada oyunçulara yeni məzmun, reytreysinq, təkmilləşdirilmiş su simulyasiyası, dinamik döyüşlər, eləcə də daha yaxşı stels və parkur vəd edilir.
"Assassin's Creed Black Flag Resynced" oyununun buraxılışı 9 iyul tarixinə planlaşdırılır. Layihə fərdi kompyuterlər (Steam, EGS, Ubisoft Connect), həmçinin PS5, Xbox Series X və S konsolları üçün əlçatan olacaq. Oyunun qiyməti 60 ABŞ dolları məbləğindən başlayır.






