"Ubisoft" şirkətinin məşhur "Assassin’s Creed IV: Black Flag" oyununun yenilənmiş versiyası olan "Assassin’s Creed Black Flag Resynced", buraxılışından qısa müddət sonra kiberhücumun qurbanı olub. Bir çox iri layihələrdə olduğu kimi, bu oyunda da istifadə edilən və mütəxəssislər tərəfindən çətin keçilən hesab olunan "Denuvo" müdafiə sistemi haker voices38 tərəfindən aşılıb.
Sözügedən haker daha əvvəl "Doom: The Dark Ages", "Stellar Blade", "Hogwarts Legacy" və "Atomic Heart" kimi populyar oyunların müdafiəsini keçməsi ilə tanınır. "Assassin’s Creed Black Flag Resynced" üçün hazırlanan pirat versiya oyunun 1.0.6 versiyasına əsaslanır və işləməsi üçün hipervizor tələb etmir. Qeyd edək ki, bu, voices38-in 2026-cı ildə "Denuvo" sistemini sındırdığı beşinci böyük layihədir.
Xatırladaq ki, 9 iyul tarixində PC, PS5, Xbox Series X və S platformaları üçün satışa çıxarılan oyun "Anvil" mühərrikinin ən son versiyası üzərində hazırlanıb. Edvard Kennuey adlı piratın macəralarından bəhs edən oyun Steam platformasında 81% müsbət rəy alıb və cəmi 8 gün ərzində 3 milyon nüsxədən çox satılaraq böyük kommersiya uğuru qazanıb.






