"Ubisoft" şirkəti tərəfindən hazırlanan və çoxdan gözlənilən "Assassin’s Creed Black Flag Resynced" oyununun çıxış tarixi məlum olub. Məşhur insayder Tom Henderson "Insider Gaming" portalındakı məqaləsində bildirib ki, layihə 9 iyul 2026-cı il tarixində satışa çıxarılacaq. Şirkət rəsmi anonsu gələn həftəyə təxirə salsa da, 16 aprel tarixində jurnalistlər və bloqerlər üçün 30 dəqiqəlik qapalı təqdimat keçirib. "ResetEra" forumunun insayderi BlackBate tərəfindən yayılan məlumatlara görə, ictimaiyyət üçün nəzərdə tutulan anons tədbirləri əslində elə aprelin 16-da baş tutmalı idi.
Qapalı nümayişdən sonra Tom Henderson qeyd edib ki, yeni layihə orijinal "Assassin’s Creed IV: Black Flag" oyununun tamamilə yenidən işlənmiş versiyasıdır. Remeykə yeni məzmun əlavə edilib və bir sıra qeympley təkmilləşdirmələri aparılıb. Ən əsası isə, oyun tamhüquqlu RPG (rol oyunu) formatına keçməyib. Təqdimat zamanı xüsusi vurğulanıb ki, bu, personajın inkişafına əsaslanan təkoyunçulu macəra olaraq qalacaq. Xatırladaq ki, hələ mart ayının əvvəlində "Ubisoft" remeykin rəsmi adını təsdiqləmişdi.
Orijinal "Assassin’s Creed IV: Black Flag" ilk dəfə 2013-cü ilin oktyabrında "PS3", "Xbox 360" və "Nintendo Wii U" platformaları üçün işıq üzü görüb. Həmin ilin noyabr ayında isə oyun "PC", "PS4" və "Xbox One" istifadəçilərinə təqdim edilib. Ötən on il ərzində bu məşhur dəniz qulduru macərasının istifadəçi kütləsi 34 milyon nəfəri ötüb.






