"Ubisoft" şirkətinin hazırladığı məşhur pirat döyüş oyunu "Assassin’s Creed IV: Black Flag"-ın yenidən işlənmiş versiyası olan "Assassin’s Creed Black Flag Resynced"-in ilk görüntüləri oyun dünyasında geniş müzakirələrə səbəb olub. Kanadalı bloqer Skill Games özünün "YouTube" kanalında oyunun təxminən dörd saatlıq geympleyini paylaşıb. Görüntülər "PS5 Pro" konsolunda, 4K təsvir ölçüsündə və saniyədə 60 kadr (60 fps) sürəti ilə qeydə alınıb.
Oyunçular yenilikləri necə qiymətləndirib?
Yayımlanan videoda baş qəhrəman Edvard Kenuey-in macəralarının başlanğıcı əks olunub. İzləyicilər və pərəstişkarlar oyunun qrafikasındakı ciddi dəyişiklikləri, detallı animasiyaları və müasir dövr seqmentlərinin aradan qaldırılmasını yüksək qiymətləndiriblər. Sosial şəbəkə istifadəçiləri arasında "Çox möhtəşəm görünür" kimi müsbət şərhlər üstünlük təşkil edir.
Texniki yeniliklər və buraxılış tarixi
Yeni layihə "Anvil" mühərrikinin ən son versiyası üzərində sıfırdan hazırlanıb. Oyunçulara təkmilləşdirilmiş su simulyasiyası, dinamik döyüş sistemi, təkmil gizlilik (stealth) və parkur mexanikası, həmçinin reytreysinq dəstəyi vəd edilir. 9 iyul tarixində satışa çıxacaq oyunun qiyməti 60 ABŞ dollarından başlayacaq və PC, "PS5", "Xbox Series X" və "S" platformalarında əlçatan olacaq.






