Yarım əsrdən çox müddətdən sonra insanın Aya ilk uçuşunu reallaşdıran Artemis II missiyası, Squad studiyasının hazırladığı "Kerbal Space Program" kosmik simulyatoruna yeni nəfəs verib. "Steam" platformasında son aylarda gündəlik 3-4 min istifadəçi toplayan oyun, 1 aprel tarixində "Orion" kosmik gəmisinin buraxılışı ilə birlikdə kəskin populyarlıq qazanıb.
"DualShockers" nəşrinin məlumatına görə, 5 aprel tarixində "Kerbal Space Program" oyununda eyni vaxtda onlayn olan istifadəçilərin sayı 11 933 nəfərə çatıb. Bu rəqəm, layihənin 2015-ci ilin yazında tam versiyasının buraxılmasından bəri qeydə alınan ən yüksək göstəricidir. Uğurlu Ay missiyasından ilhamlanan minlərlə yeni və köhnə oyunçu, "Orion" gəmisinin tarixi uçuşunu oyun daxilində canlandırmağa çalışır. Hazırda real həyatda "Orion" gəmisinin heyəti Ayın qravitasiya təsiri sahəsinə daxil olub ki, bu da bəşəriyyət üçün 1972-ci ildən bəri ilk belə hadisədir.
Xatırladaq ki, "Kerbal Space Program" oyunçulara yadplanetli irqin kosmik proqramına rəhbərlik etməyi, gəmilər inşa edərək onları orbitə və digər planetlərə göndərməyi təklif edir. Orijinal oyunun uğurunu "Kerbal Space Program 2" davam etdirməli idi. Lakin "Take-Two Interactive" şirkəti layihəyə cavabdeh olan "Intercept Games" studiyasını bağladığı üçün, davam oyunu əbədi olaraq erkən giriş mərhələsində qalıb və onun inkişafı tamamilə dayandırılıb.






