"Apple" şirkəti istifadəçilərin köhnə cihazlarını yeni modellərlə əvəz etmələrini stimullaşdırmaq üçün trade-in proqramında əhəmiyyətli dəyişikliklər edib. "9to5Mac"-in məlumatına görə, bir çox cihazın geri alım dəyəri 5 ilə 20 ABŞ dolları arasında artıb, bəzi modellərdə isə bu artım 100 ABŞ dollarını keçib. Xüsusilə, Mac Studio modelinin dəyəri 260 ABŞ dolları artaraq 1305 ABŞ dollarına çatıb.
Yenilənmiş siyahıya əsasən, MacBook Pro 855 ABŞ dolları, Mac Pro isə 2195 ABŞ dolları dəyərində qiymətləndirilir. Şirkət həmçinin Samsung, Google və OnePlus kimi rəqib brendlərin yeni modellərini də proqrama daxil edib. Məsələn, Google Pixel 9 Pro XL üçün 315 ABŞ dolları, OnePlus 13 üçün isə 250 ABŞ dolları məbləğində kredit təklif olunur.
Bununla belə, bəzi köhnə modellər üçün təklif olunan qiymətlərdə cüzi azalmalar da müşahidə olunur. Samsung Galaxy S22 Ultra 5G, Google Pixel 8 Pro və Pixel 7 seriyası kimi cihazların geri alım qiymətləri 5-10 ABŞ dolları civarında aşağı salınıb. Bu dəyişikliklər "Apple"-ın ilin əvvəlində elan etdiyi qiymət artımları və yeni "Upgrade" lizinq proqramı fonunda baş verir.






