"Apple" şirkətinin baş direktoru Tim Cook "The Wall Street Journal"a verdiyi müsahibədə "iPhone", "iPad" və "Mac" cihazlarının qiymətlərinin artmasının qaçılmaz olduğunu açıqlayıb. Şirkət indiyədək yaddaş komponentlərinin bahalaşması ilə bağlı yaranan əlavə xərcləri öz üzərinə götürərək müştəriləri qorumağa çalışsa da, hazırkı bazar şəraiti buna imkan vermir.
Yaddaş qıtlığı süni intellekt şirkətlərinin məlumat mərkəzləri üçün yüksək tələbat yaratması nəticəsində yaranıb. Təchizatçılar artan tələbi qarşılamaqda çətinlik çəkdiyi üçün RAM və yaddaş qiymətləri kəskin şəkildə yüksəlib. Bu tendensiya təkcə "Apple"-a deyil, həmçinin oyun konsolları və digər noutbuk istehsalçılarına da mənfi təsir göstərir.
Qiymət artımı hansı cihazlara təsir edəcək?
Şirkət hələlik konkret tarixləri və qiyməti dəyişəcək modelləri açıqlamayıb. Lakin "Apple" artıq bəzi addımlar atıb: mart ayında 512 GB RAM-a malik "Mac Studio" satışdan çıxarılıb, "Mac Mini"-nin isə 599 ABŞ dolları olan baza modeli ləğv edilərək başlanğıc qiyməti 799 ABŞ dollarına yüksəldilib. Analitik Tim Culpan-ın proqnozlarına görə, "MacBook Neo" modelinin də baza konfiqurasiyasında dəyişikliklər gözlənilir.
İlin sonunda təqdim olunması planlaşdırılan yeni "iPhone 18 Pro" modelinin qiymətinin 1299 ABŞ dollarına çatacağı ehtimal edilir. Müqayisə üçün qeyd edək ki, "iPhone 17 Pro" modelinin qiyməti 1099 ABŞ dolları təşkil edirdi. Tim Cook vurğulayıb ki, istehlakçı məhsullarının əlçatan olması üçün yaddaş qiymətlərinin və təchizatın tezliklə normal səviyyəyə qayıtması vacibdir.






