"Apple" şirkəti istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyini təmin edən "Hide My Email" funksiyasındakı kritik boşluqla bağlı məhkəmə iddiası ilə üzləşib. İddiaçı Entoni Alvares (Anthony Alvarez) şirkəti funksiyanın iş prinsipi ilə bağlı istifadəçiləri çaşdırmaqda və məxfilik vədlərini yerinə yetirməməkdə ittiham edir. Sözügedən boşluq kənar şəxslərin istifadəçilərin real e-poçt ünvanlarını aşkar etməsinə imkan verir.
Təhlükəsizlik boşluğu nə vaxt aşkarlanıb?
Təhlükəsizlik üzrə tədqiqatçı Tayler Mörfi (Tyler Murphy) hələ 2025-ci ilin iyununda "Apple" şirkətini bu boşluq barədə xəbərdar edib. Şirkət 2026-cı ilin martında problemin həll edildiyini bildirsə də, təkrar yoxlamalar zamanı boşluğun hələ də aktiv olduğu müəyyən edilib. Mörfi funksiyanın müvəqqəti dayandırılmasını təklif etsə də, "Apple" bu təklifi cavabsız qoyub.
İddiaçı nə tələb edir?
Entoni Alvares iddia edir ki, "Apple" bir ildən çoxdur problemdən xəbərdar olmasına baxmayaraq, heç bir effektiv tədbir görməyib və bu funksiyadan gəlir əldə etməyə davam edib. İddiaçı işin kollektiv şəkildə baxılmasını və məhkəmə tərəfindən müəyyən ediləcək maliyyə kompensasiyasının ödənilməsini tələb edir. Bundan əlavə, şirkətin ya boşluğu tam aradan qaldırması, ya da funksiyanın məhdudiyyətləri barədə istifadəçiləri açıq şəkildə məlumatlandırması tələb olunur.






