"Financial Times" qəzetinin yeni hesabatına əsasən, 2025-ci ildə "Apple" şirkəti İrlandiyada 17 milyard ABŞ dolları korporativ gəlir vergisi ödəyib. Bu məbləğ şirkətin dünya üzrə ümumi vergi ödənişlərinin (43 milyard ABŞ dolları) 40%-ni təşkil edir. Ödənişlərə Avropa İttifaqı ilə uzun müddətdir davam edən vergi mübahisəsi çərçivəsində yaranmış borclar da daxildir.
Maraqlı məqam ondadır ki, 2025-ci ilin sentyabrında başa çatan maliyyə ilində şirkətin qlobal mənfəətinin dörddə biri İrlandiyadakı bölmələri vasitəsilə qeydə alınıb. İrlandiyada cəmi 5575 nəfər, yəni şirkətin ümumi işçi heyətinin təxminən 3%-i çalışır. Ölkədəki aşağı korporativ vergi dərəcəsi (12,5%) "Apple" kimi texnologiya nəhəngləri üçün əsas cəlbedici amil olaraq qalır.
Bu rəqəmlər nəyi göstərir?
Statistikaya görə, İrlandiyada "Apple"-ın hər bir əməkdaşına 6 milyon ABŞ dolları məbləğində vergidən əvvəlki mənfəət düşür. Müqayisə üçün qeyd edək ki, Almaniyada 4089 nəfər işçisi olan şirkət, hər işçi üçün cəmi 51 min ABŞ dolları mənfəət göstərib və ümumi vergilərin cəmi 0,3%-ni (153 milyon ABŞ dolları) ödəyib. 2024-cü ildə İrlandiyada toplanan korporativ vergilərin demək olar ki, yarısı "Eli Lilly", "Apple" və "Microsoft" şirkətlərinin payına düşüb.
"Apple" rəsmiləri isə bildirib ki, bu rəqəmlər yalnız aktivlərin saxlandığı yerlə bağlı korporativ gəlir vergisinə əsaslanır və müştərilərin yerləşdiyi ölkələrdə ödənilən ƏDV kimi digər vergi növlərini əhatə etmir. Şirkət bu məlumatların onların müxtəlif ölkələrdəki ümumi vergi töhfələrini tam əks etdirmədiyini vurğulayıb.






