"Apple" şirkəti "iPhone 15 Pro", "iPhone 15 Pro Max" və bütün "iPhone 16" seriyası sahiblərinə 250 milyon ABŞ dolları məbləğində təzminat ödəməyə hazırlaşır. Bu qərar, "Siri"-nin süni intellekt dəstəyi ilə işə salınmasının gözləniləndən xeyli gecikməsi səbəbindən açılan kollektiv iddia çərçivəsində qəbul edilib. Hər bir istifadəçi üçün ilkin ödənişin təxminən 25 ABŞ dolları olması nəzərdə tutulsa da, müraciətlərin sayından asılı olaraq bu rəqəm 95 ABŞ dollarına qədər arta bilər.
Kompensasiyanı kimlər ala bilər?
Təzminat almaq hüququna 10 iyun 2024-cü il ilə 29 mart 2025-ci il tarixləri arasında "Apple Intelligence" dəstəyi olan müvafiq modelləri əldə etmiş ABŞ sakinləri sahibdir. Bura "iPhone 15 Pro", "iPhone 15 Pro Max", "iPhone 16e", "iPhone 16", "iPhone 16 Plus", "iPhone 16 Pro" və "iPhone 16 Pro Max" modelləri daxildir. İddiaçılar öz adlarını, əlaqə məlumatlarını və cihazın seriya nömrəsini 21 dekabr 2026-cı il tarixinə qədər xüsusi internet səhifəsi vasitəsilə təqdim etməlidirlər.
Nə üçün bu iddia qaldırılıb?
İddiaçılar "Apple"-ın "WWDC 2024" konfransında verdiyi vədləri yerinə yetirmədiyini bildiriblər. Şirkət yeni cihazlarını "Apple Intelligence" üçün yaradılmış qurğular kimi təqdim etsə də, satışa çıxarılan modellərdə bu funksiyalar məhdud olub və yenilənmiş "Siri" yalnız iOS 27 ilə istifadəyə verilib. "Apple" öz öhdəliklərini pozduğunu rədd etsə də, məhkəmə çəkişməsini yekunlaşdırmaq üçün bu ödənişə razılıq verib. Prosesin yekunlaşması və ödənişlərin həyata keçirilməsi 2027-ci ilin sentyabrından sonra gözlənilir.






