"Bloomberg" nəşrinin jurnalisti Mark Gurman-ın sözlərinə görə, "Apple" şirkəti bu payızda buraxılması gözlənilən "iOS 27", "iPadOS 27" və "macOS 27" sistemlərində üçüncü tərəf çatbotlarının inteqrasiyasına icazə verməyi planlaşdırır. Bu yenilik istifadəçilərə "Apple Intelligence" sistemini öz istədikləri süni intellekt modeli ilə işlətmək imkanı qazandıracaq.
"Genişlənmələr" (Extensions) adlandırılan bu uyğunlaşdırılmış kənar modellər təkcə "Siri" səsli köməkçisini deyil, həm də "Writing Tools" və "Image Playground" kimi digər süni intellekt funksiyalarını idarə edə biləcək. Bundan əlavə, istifadəçilər fərqli modellər üçün müxtəlif "Siri" səsləri təyin etmək imkanı əldə edəcəklər. Məsələn, "Apple" modelinin cavabları bir səslə, "ChatGPT" üzərindən işləyən "Siri" isə tamamilə başqa bir səslə danışa bilər.
Yeni sistemdən yararlanmaq üçün istifadəçilər "App Store" vasitəsilə dəstəklənən süni intellekt tətbiqini yükləməli və onu tənzimləmələr bölməsindən əsas model kimi seçməlidirlər. Mark Gurman qeyd edir ki, hazırda şirkət daxilində "Google" və "Anthropic" modellərinin sınaqları həyata keçirilir. Hərçənd "Google" modelləri yenilənmiş "Siri"-nin əsasını təşkil etsə də, indiyədək "Apple Intelligence" sisteminə inteqrasiya olunan yeganə kənar model "ChatGPT" olub.






