"Apple" şirkəti cari ilin sonuna qədər "App Store" platformasında abunəlik sistemində ciddi dəyişikliklər etməyə hazırlaşır. Şirkətin rəsmi açıqlamasına görə, artıq müxtəlif şirkətlərin təkliflərini özündə birləşdirən yeni abunə paketləri istifadəyə veriləcək. Bu yanaşma hazırda "Apple TV" və "Peacock" kimi xidmətlərdə tətbiq olunan yayım paketlərinə bənzəyir, lakin daha geniş əhatə dairəsinə malik olacaq.
Yeni funksiyalar arasında "Suites" adlı xüsusi bir seçim də yer alır. Bu model, ayrı-ayrılıqda mövcud olmayan, lakin vahid abunəlik şəklində satın alına bilən xidmətlər dəstini nəzərdə tutur. "TechCrunch" və "9to5Mac" nəşrlərinin məlumatına görə, bu yeniliklər WWDC konfransı çərçivəsində elan edilib.
Digər hansı dəyişikliklər gözlənilir?
Apple həmçinin "App Store" qaydalarında yeniləmələr edərək, yenilənməyən və ya istifadəçi cəlb etməyən "opportunist" tətbiqlərin platformadan silinəcəyini bildirib. Bundan əlavə, "Mac App Store" üçün tətbiqlərin Intel çiplərini dəstəkləməsi tələbi ləğv edilir. Tərtibatçılar bundan sonra tətbiqlərinin "sosial media imkanları"na malik olub-olmadığını yaş reytinqi və "Screen Time" funksiyaları üçün qeyd etməlidirlər.
Şirkət abunə paketləri və "Suites" haqqında ətraflı məlumatı bu yayın sonuna doğru təqdim edəcəyini açıqlayıb. Yeniliklərin payızda iOS 27 və digər platforma yeniləmələri ilə birlikdə istifadəyə verilməsi gözlənilir.






