"AMD" şirkətinin son rüblük maliyyə hesabatı texnologiya bazarındakı dəyişiklikləri açıq şəkildə ortaya qoyur. Süni intellektə olan tələbatın artması ilə şirkətin məlumat mərkəzi biznesi rekord göstəricilərə imza atıb. Ümumi gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 50% artaraq 11,5 milyard ABŞ dolları təşkil edib.
Şirkətin maliyyə direktoru Jean Hu-nun sözlərinə görə, məlumat mərkəzləri hazırda ümumi gəlirin 58%-ni təşkil edir. Bu sahədəki gəlir ötən ilin eyni dövründəki 3,2 milyard ABŞ dollarından 6,7 milyard ABŞ dollarına yüksələrək iki dəfədən çox artıb.
Oyun bazarında vəziyyət necədir?
Məlumat mərkəzlərindəki uğura baxmayaraq, "AMD"-nin oyun seqmenti çətin dövrünü yaşayır. "Xbox Series X / S", "PS5" və "Valve"-in "Steam Deck" qurğularının satışındakı azalma, həmçinin komponent çatışmazlığı və qiymət artımları bu sahədə gəlirlərin 31% düşməsinə səbəb olub.
Buna baxmayaraq, şirkətin ümumi PC və oyun biznesi 6% artım nümayiş etdirib. "Ryzen" prosessorlarının satışındakı 23%-lik artım "Client" seqmentinin güclənməsinə kömək edib. "AMD"-nin baş direktoru Lisa Su qeyd edib ki, süni intellekt bütün bazarlarda hesablama gücünə olan tələbatı artırır və şirkət bu imkanlardan maksimum yararlanmağı hədəfləyir.






