"Amazon Prime Video" platforması "Netflix" və "Disney Plus" kimi rəqiblərinə qoşularaq öz tətbiqinə şaquli video lenti əlavə edir. Yeni "Clips" bölməsi istifadəçilərə müxtəlif şou və filmlərdən qısa videolar təqdim edəcək. İzləyicilər bu qısa videolar vasitəsilə birbaşa tam məzmuna keçid edə, həmçinin onu kirayələyə və ya satın ala biləcəklər.
Əvvəllər "Prime Video" yalnız "NBA" oyunlarının ən maraqlı anlarını "TikTok" üslubunda təqdim edirdi. İndi isə tətbiqin ana səhifəsindəki "Clips" karuselinə daxil olmaqla platformadakı digər məzmunlardan da qısa fraqmentləri görmək mümkündür. "Prime Video" nümayəndələrinin sözlərinə görə, istifadəçilər hər dəfə bu bölməyə daxil olduqda baxış tarixçələrinə əsaslanan yeni videolarla qarşılaşacaqlar.
Yeni funksiya istifadəçilərə bəyəndikləri şou və filmləri izləmə siyahısına əlavə etmək imkanı verir. Bundan əlavə, qısa videoları SMS, e-poçt və ya sosial şəbəkələr vasitəsilə dostlarla paylaşmaq mümkündür. Lakin göndərilən videonu izləmək üçün alıcının cihazında "Prime Video" tətbiqi quraşdırılmalıdır.
Hazırda "Clips" funksiyası ABŞ-da "iOS", "Android" və "Fire" planşetlərindən istifadə edən seçilmiş müştərilər üçün əlçatandır. Bu yay isə yeniliyin daha geniş istifadəçi kütləsinə təqdim olunması planlaşdırılır.






