"The Ankler" nəşrinin məlumatına görə, "Amazon MGM Studios" televiziya bölməsinin rəhbəri Piter Fridlender (Peter Friedlander) "Mass Effect" serialının ssenarisinin geniş auditoriya üçün yenidən yazılması barədə göstəriş verib. O, "BioWare" studiyasının elmi-fantastik rolu oyunu əsasında hazırlanan şounu "qeyri-geymərlər üçün daha cəlbedici" etmək istəyir.
Mənbələr bildirir ki, layihə "bahalı janr dramı" kimi mövqeləndirilir və rəsmi istehsal sifarişi almaq ərəfəsindədir. Serialın süjet xətti və aktyor heyəti barədə hələlik dəqiq məlumat yoxdur. Hazırkı rəsmi sinopsis birinci oyunun məzmununu xatırlatsa da, bunun sadəcə müvəqqəti təsvir olduğu ehtimal edilir.
Ekran işinin istehsalına məşhur "Fallout" serialının komandası cavabdehdir. Layihənin şouranneri isə "Star Trek Beyond" filminin ssenaristi Daq Canq (Doug Jung) təyin edilib.
"Mass Effect" serialının premyera tarixi hələ açıqlanmayıb. Lakin "Amazon" şirkəti adaptasiyanın çəkilişlərinə yalnız 2026-cı ilin dördüncü rübündə (oktyabr-dekabr aylarında) başlamağı planlaşdırır.






