Dünyanın ən böyük e-ticarət platformalarından biri olan "Amazon", müştərilərinə fərdiləşdirilmiş tövsiyələr təqdim etmək üçün alış-veriş vərdişlərini təhlil edir. Lakin son günlər "Threads" sosial şəbəkəsində yayılan məlumatlar, şirkətin istifadəçilər haqqında çıxardığı nəticələrin gözləniləndən daha spesifik və bəzən qəribə olduğunu ortaya qoyub.
Bir çox istifadəçi öz hesab parametrlərini yoxlayarkən "Amazon"-un onlar haqqında "dostları yoxdur", "pişikləri öz övladı kimi görür" və ya "bitkiləri yaşada bilmir" kimi qeyri-adi təsvirlər formalaşdırdığını aşkar edib. Bu məlumatlar bəzi hallarda gülüş doğursa da, şirkətin istifadəçi davranışlarını nə dərəcədə dərindən izlədiyini göstərir.
Özünüz haqqında toplanan məlumatları necə görə bilərsiniz?
Əgər "Amazon"-un sizin haqqınızda hansı məlumatları saxladığını öyrənmək istəyirsinizsə, bunu platformanın parametrlər bölməsindən asanlıqla edə bilərsiniz. Bunun üçün hesab ikonasına daxil olub "Your Account" (Hesabınız) bölməsindən "Your Shopping preferences" (Alış-veriş seçimləriniz) hissəsinə keçməlisiniz.
Səhifənin aşağısında yerləşən "About You" (Haqqınızda) düyməsini seçməklə, platformanın sizin şəxsiyyətiniz və maraqlarınız barədə formalaşdırdığı siyahını görə bilərsiniz. "Amazon" bu bölmədəki məlumatları silmək və ya redaktə etmək imkanını da istifadəçilərin ixtiyarına verir.






