"Amazon" şirkətinin Prime Air dronları vasitəsilə həyata keçirdiyi çatdırılma xidməti gözlənilməz texniki problemlərlə üzləşib. ABC7 News Bay Area tərəfindən yayımlanan görüntülərdə Texasda bir dronun bağlamanı birbaşa müştərinin hovuzuna atdığı əks olunub. Bu, şirkətin çatdırılma prosesində baş verən ilk belə xoşagəlməz hal deyil.
Keçən ilin iyul ayında Arizonada qeydə alınan oxşar hadisədə, dronun pərvanələrindən gələn hava axını bağlamanı hovuza doğru itələmişdi. May ayında isə başqa bir dron bağlamanı gölməçəyə yaxın yerə buraxmış, nəticədə bağlama yerə dəyərək yuvarlanıb suya düşmüşdü. Müştərilər çatdırılma yerinin seçilməsini birbaşa "Amazon" sisteminin öhdəsinə buraxdıqlarını bildirirlər.
Dronların təhlükəsizlik problemləri nədən qaynaqlanır?
"Amazon" dronları ilə bağlı yeganə problem bağlamaların suya düşməsi deyil. Ötən il West Valley Phoenix Metro ərazisində iki MK30 dronunun krana çırpılması nəticəsində çatdırılmalar müvəqqəti dayandırılmışdı. Bundan əlavə, dronların internet kabelini kəsməsi və yaşayış binası ilə toqquşması kimi təhlükəli insidentlər də qeydə alınıb.
Şirkət iddia edir ki, dronlar çatdırılma nöqtəsinə çatdıqda insanlar, ev heyvanları və ya nəqliyyat vasitələrinin olub-olmadığını yoxlayır. Lakin mövcud görüntülər bu yoxlama sisteminin su hövzələrini nəzərə almadığını göstərir. "Amazon" hələlik baş verənlərlə bağlı sorğulara cavab verməyib.






