"Amazon" şirkəti ötən ilin dekabrında Sietl və Filadelfiyada başladılan sınaqlardan sonra "Amazon Now" xidmətini rəsmən genişləndirib. Artıq 30 dəqiqəlik çatdırılma xidməti Atlanta və Dallas-Fort-Uort şəhərlərində əlçatandır, tezliklə isə daha yeddi şəhərə əlavə ediləcək. İstifadəçilər "Amazon" platforması vasitəsilə təzə qida, məişət əşyaları və hətta "AirPods" kimi kiçik elektronika daxil olmaqla minlərlə məhsulu sürətli şəkildə sifariş edə bilərlər.
Xidmətin qiymətləri istifadəçinin abunəliyindən asılı olaraq dəyişir. Aylıq 14,99 ABŞ dolları və ya illik 139 ABŞ dolları ödəyən "Amazon Prime" üzvləri üçün hər sifarişin çatdırılması 3,99 ABŞ dolları təşkil edir. Abunəliyi olmayanlar isə 13,99 ABŞ dolları ödəməlidir. 15 ABŞ dollarından ucuz sifarişlər üçün "Prime" üzvlərindən əlavə 1,99 ABŞ dolları, digərlərindən isə 3,99 ABŞ dolları tələb olunur.
Bu yenilik "Amazon" şirkətinə "DoorDash" və "Instacart" kimi rəqiblərlə mübarizə aparmağa kömək edəcək. Qeyd edək ki, şirkət 2014-cü ildən bəri eyni gündə çatdırılma xidmətləri təklif edir. 2024-cü ilin oktyabrında isə ticarət mərkəzlərindən məhsulların çatdırılmasını təmin edən "Amazon Today" xidməti fəaliyyətini dayandırıb.






