"Zeekr" şirkəti premium elektrikli miniven seqmentində mövqeyini gücləndirməyə davam edir. İstehsalçı rəsmi olaraq bildirib ki, yenilənmiş "Zeekr 009" modeli 19 may tarixində ictimaiyyətə təqdim olunacaq. İlk dəfə bu ilin əvvəlində Çin tənzimləyicilərinin bazasında görünən və daha sonra "Beijing Auto Show" sərgisində nümayiş etdirilən avtomobil artıq ilkin sifarişlər üçün açıqdır. Müştərilərə üç fərqli konfiqurasiya təklif ediləcək: yeddi yerlik "Ultra", yeddi yerlik "Ultra+ Qijia" və altı yerlik "Ultra+ Executive".
Yeni modelin texniki göstəriciləri nələrdir?
Yenilənmiş "Zeekr 009" modelinin ən mühüm texniki yeniliklərindən biri 700 TOPS hesablama gücünə malik "Thor-U" prosessorudur. Avtomobil sərnişinlərin mühafizəsini artırmaq və sürücüyə kömək sistemlərinin işini yaxşılaşdırmaq məqsədilə "H7G-ASD" asissenti və 70-dən çox aktiv təhlükəsizlik funksiyası ilə təchiz edilib. Bundan əlavə, minivenin hərəkət rəvanlığını və idarəetmə sabitliyini artırmaq üçün qapalı ikikameralı pnevmatik asqı və iki klapanlı "CCD" elektromaqnit amortizatorları quraşdırılıb.
Batareya və şarj imkanları necə dəyişib?
Avtomobilin güc qurğusunda ciddi dəyişikliklər edilib. İki elektrik mühərrikli versiya enerjinin daha səmərəli ötürülməsini və şarj prosesinin sürətlənməsini təmin edən 900 voltluq yüksək gərginlikli arxitektura əldə edib. Sistem ən yeni "CATL 6C Qilin" batareyası ilə birlikdə çalışır. Tək mühərrikli versiya 310 kVt güc hasil edir, 0-dan 100 km/saat sürətə 6,9 saniyəyə sürətlənir və 740 kilometrə qədər gediş ehtiyatı təklif edir. Bu versiya batareyanı 10%-dən 80%-ə qədər təxminən 19 dəqiqəyə şarj edə bilir.
İki mühərrikli modifikasiya isə ümumilikdə 680 kVt gücə malikdir və 100 km/saat sürəti cəmi 3,9 saniyəyə yığır. Bu modelin bəyan edilmiş gediş ehtiyatı təxminən 720 kilometr təşkil edir. Ən diqqətçəkən məqam isə odur ki, iki mühərrikli variantda ultra-sürətli şarj texnologiyası sayəsində batareyanın 80%-dək dolması cəmi 17 dəqiqə vaxt aparır. Bu göstərici yenilənmiş miniveni öz sinfində ən tez şarj olunan elektromobillərdən birinə çevirir.
Satış göstəriciləri və bazar rəqabəti
Keçmişdə modelə olan yüksək marağa baxmayaraq, son vaxtlar Çin bazarında "Zeekr 009" satışları azalmağa başlayıb. Əgər 2024-cü ilin sonlarında premium elektrikli miniven ayda orta hesabla min ədəd satılırdısa, 2026-cı ildə Çinin bahalı elektromobillər bazarında artan rəqabət fonunda bu göstəricilər daha da aşağı düşüb. Model üçün ən uğurlu dövr 4201 avtomobilin tədarük edildiyi 2024-cü ilin noyabr ayı olub. Şirkət indi ümid edir ki, təkmilləşdirilmiş texnologiyalar və ultra-sürətli şarj imkanları alıcıların premium minivenlərə olan marağını yenidən bərpa edəcək.






