"Google" və "Xreal" şirkətlərinin birgə layihəsi olan "Xreal Aura" XR eynəkləri bazara çıxmağa hazırlaşır. Cihaz üçün ilkin sifarişlər 99 ABŞ dolları dəyərində depozitlə artıq aktivləşdirilib. İki həftəlik bu xüsusi təklifdən yararlananlar, cihazın rəsmi satış qiymətindən 100 ABŞ dolları məbləğində endirim qazanacaqlar.
Yeni eynəklərin ABŞ, Böyük Britaniya, Yaponiya, Kanada və Cənubi Koreya bazarlarında bu ilin payızında satışa çıxarılması planlaşdırılır. "Best Buy" mağazalar şəbəkəsi məhsulun ilk pərakəndə satış tərəfdaşı olacaq. Xatırladaq ki, bu, "Google"-un 2025-ci ilin oktyabrında 1799 ABŞ dolları qiyməti ilə təqdim etdiyi "Samsung Galaxy XR" qarniturundan sonra ikinci "Android" əsaslı XR cihazıdır.
"Xreal Aura" hansı texniki göstəricilərə sahibdir?
Çəkisi 95 qramdan az olan "Xreal Aura" eynəkləri "Qualcomm"-un ən yeni XR platforması olan "Snapdragon Reality Elite" çipi ilə təchiz edilib. "Google"-un "Android XR" əməliyyat sistemi ilə birlikdə bu texnologiya daha yüksək performans, süni intellekt imkanları və enerji səmərəliliyi vəd edir. "Qualcomm"-un XR rəhbəri Ziad Asghar-ın sözlərinə görə, bu kombinasiya istifadəçilərə daha immersiv təcrübə təqdim etmək üçün optimallaşdırılıb.
Cihaz haqqında daha ətraflı məlumatın 15-18 iyun tarixlərində Kaliforniya ştatının Long Beach şəhərində keçiriləcək "Augmented World Expo" sərgisində açıqlanması gözlənilir.






