"Microsoft" şirkətinin "Xbox" bölməsində gələn ay əhəmiyyətli dərəcədə ixtisarların aparılacağı gözlənilir. Şirkət daxilində həftələrdir davam edən hazırlıqlar fonunda, "Xbox"-un baş direktoru Asha Sharma və baş kontent direktoru Matt Booty əməkdaşlara ünvanladıqları məktubda növbəti 100 gün ərzində strateji "reset" prosesinin başlayacağını bildiriblər.
Nə üçün "Xbox" bu addımı atır?
Rəhbərlik biznesin üzləşdiyi ciddi çətinlikləri vurğulayaraq, "Activision Blizzard King" istisna olmaqla, son beş ildə kontent, platforma və aparat təminatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyulduğunu, lakin illik gəlirin təxminən yarım milyard ABŞ dolları azaldığını qeyd edib. Şirkət nümayəndələri bu maliyyə göstəricilərinin davamlı olmadığını bəyan ediblər.
Hardware böhranı və gələcək planlar
Şirkət rəhbərliyi həmçinin "hardware" komponentləri sahəsində ciddi böhran yaşandığını bildirib. 2027-ci ilin bayram mövsümü üçün komponent xərclərinin iki il əvvəlki qiymətlərdən 5 dəfə baha olacağı proqnozlaşdırılır. Bu səbəbdən "Xbox" yeni biznes modelləri və aparat təminatı üçün tərəfdaşlıqlar axtarışındadır.
Asha Sharma və "Xbox"-un strategiya rəhbəri Matthew Ball daha əvvəl "radikal şəkildə fərqli" konsol modellərinin mümkünlüyünə işarə etmişdilər. Gələcəkdə digər PC OEM istehsalçılarının "AMD" çipləri əsasında "Xbox" brendli cihazlar hazırlaması istisna edilmir. Şirkət hazırda öz platforma infrastrukturunu yenidən qurmağı və "Helix" layihəsinə sadiq qalaraq, mobil, PC və striminq sahələrində rəqabət qabiliyyətini artırmağı hədəfləyir.






