“Xbot” şirkəti özünün yeni “Xbot A11” pəncərə təmizləyən robotlar kolleksiyasını ictimaiyyətə təqdim edib. Bu dəfə istehsalçı yalnız texniki imkanlara deyil, həm də cihazın xarici görünüşünə xüsusi diqqət yetirib. Yeni model altı müxtəlif rəngdə – “meşə sarısı”, “tozlu çəhrayı”, “süd mavisi”, “laym”, “neon narıncı” və “mirvari ağ” çalarlarında təqdim olunur. Bu rəng palitrası sayəsində cihaz artıq sadəcə məişət texnikası deyil, həm də interyerin bir hissəsinə çevrilir.
“Xbot A11” yalnız pəncərələri deyil, həmçinin güzgüləri, vitrinləri və şüşə qapıları təmizləmək üçün nəzərdə tutulub. Qurğu həm quru, həm də yaş təmizləmə funksiyasına malikdir. İki avtomatik püskürtücü vasitəsilə 80 ml həcmli rezervuardan şüşəyə maye ötürülür ki, bu da çirklərin asanlıqla təmizlənməsini təmin edir. Robot 1 kvadratmetr sahəni 4 dəqiqəyə təmizləyə bilir.
Cihazın təhlükəsizliyi və səmərəliliyi üçün 5600 Pa gücündə vakuum mühərriki istifadə olunur. “Xbot A11” Z-şəkilli trayektoriya ilə hərəkət edərək şaquli və 30 dərəcəyə qədər meyilli səthlərdə rahat işləyir. Cihazın təhlükəsizliyini 4 metr uzunluğunda olan xüsusi tros təmin edir. Elektrik enerjisi kəsildikdə isə daxili ehtiyat batareya robotun 20 dəqiqə ərzində şüşə üzərində qalmasına imkan verir. Cihazın qiyməti 6990 rus rublu təşkil edir.






