"Alphabet" şirkətinin törəmə müəssisəsi olan "Waymo", su basmış yollarda hərəkət edən avtonom idarəetmə proqram təminatını geri çağırdığını elan edib. Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsinə (NHTSA) təqdim edilən sənədlərə əsasən, içərisində sərnişin olmayan bir robotaksi saatda 40 mil sürət həddi olan su basmış yol sahəsi ilə qarşılaşıb. Avtomobil təhlükəni aşkar etməsinə baxmayaraq, sürətini azaldaraq hərəkətə davam edib. Geri çağırılma "Waymo"-nun beşinci və altıncı nəsil sistemləri ilə işləyən 3791 nəqliyyat vasitəsinə şamil olunur.
İnsident zamanı heç kim xəsarət almasa da, bu hadisə sürücüsüz avtomobil şirkətlərinin ekstremal hava şəraitində üzləşdiyi riskləri gündəmə gətirir. "Waymo" hazırda problemin həlli üzərində işlədiyini bildirib. Bu müddət ərzində şirkət hava şəraiti ilə bağlı məhdudiyyətləri artırmaq məqsədilə avtomobillərini və naviqasiya xəritələrini yeniləyib.
Fəaliyyətinin ilk illərində "Waymo" strateji olaraq Feniks, Los-Anceles, Atlanta və Ostin kimi daha isti və quru iqlimi olan şəhərlərdə fəaliyyət göstərib. Lakin şirkət genişlənmənin növbəti mərhələsində Boston, Nyu-York və Vaşinqton kimi Şərq sahili şəhərlərini hədəfləyir. Bu səbəbdən, avtonom sistemlərin sərt hava şəraitinə uyğunlaşmaq bacarığı mühüm sınağa çevriləcək.
Bu, cari ilin əvvəlində kütləvi istehsal üçün təqdim edilən altıncı nəsil sistemin ilk geri çağırılmasıdır. Altıncı nəsil texnologiya "Zeekr RT" ("Ojai") və "Hyundai Ioniq 5" modellərində istifadə üçün nəzərdə tutulub. Şirkətin hazırkı "Jaguar I-Pace" donanması isə 2020-ci ilin martında istifadəyə verilmiş beşinci nəsil texnologiya ilə işləyir. Qeyd edək ki, əvvəlki sistem dayanan məktəb avtobuslarını keçmək və hərəkətsiz obyektlərə çırpılmaq kimi səbəblərdən indiyədək beş dəfə geri çağırılıb. Hazırda "Waymo" gələcək modellər üçün "Toyota" da daxil olmaqla digər avtomobil istehsalçıları ilə danışıqlar aparır.






