"Vivo" şirkəti Çində özünün yeni "Vivo X300 E" modelini rəsmən təqdim edib. 3 nanometrlik "Snapdragon 8 Gen 5" prosessoru ilə təchiz edilən smartfon, 12 QB operativ və 256 və ya 512 QB daxili yaddaş variantları ilə satışa çıxarılır. Cihazın operativ yaddaşını virtual olaraq daha 12 QB artırmaq mümkündür.
Ekran tərəfində 6,59 düymlük 1,5K təsvir ölçülü OLED panel yer alıb. 144 Hz yeniləmə tezliyinə və 5000 nit pik parlaqlığa malik bu ekran, DCI-P3 rəng məkanını tam əhatə edir. Təhlükəsizlik üçün ekranın altında ultrasəs barmaq izi skaneri quraşdırılıb.
Kamera sistemi "Zeiss" optikası ilə dəstəklənir və üçlü moduldan ibarətdir: 50 MP-lik "Sony IMX921" əsas sensor, 50 MP-lik "Sony IMX882" periskopik telefoto və 8 MP-lik ultra-genişbucaqlı obyektiv. Ön paneldə isə avtofokuslu 50 MP-lik "Samsung JN1" sensoru yerləşir.
Cihazın ən diqqətçəkən özəlliklərindən biri 7200 mAh tutumlu böyük batareyadır ki, bu da 90 Vt sürətli enerji yığma texnologiyasını dəstəkləyir. IP69 standartına uyğun olaraq suya və toza davamlı olan smartfon, 7,99 mm qalınlığa və 203 qram çəkiyə malikdir. Məhsulun qiyməti 12/256 QB versiyası üçün 710 ABŞ dolları, 12/512 QB versiyası üçün isə 785 ABŞ dolları təşkil edir.





