Çinin "Unitree Robotics" şirkəti özünün ən sərfəli humanoid robotu olan "Unitree R1" modelinin "AliExpress" platformasında beynəlxalq satışına başlayıb. İdxal rüsumları daxil olmaqla 8150 ABŞ dolları dəyərində olan standart model ilə yanaşı, alıcılara 6800 ABŞ dolları qiymətinə kiçildilmiş versiya da təklif edilir. İstehsalçı ABŞ-a pulsuz çatdırılma vəd edir. Yeni məhsullar "AliExpress" vasitəsilə ABŞ, Kanada, Yaponiya, BƏƏ və Sinqapur kimi qlobal bazarlara ixrac olunacaq.
İnsanabənzər robotların inkişafında Çin lideri hesab edilən "Unitree Robotics" yaxın gələcəkdə birjaya çıxmağa (IPO) hazırlaşır. Şirkətin ilkin qiymətləndirməsinin 4,2 milyard Çin yuanı (təxminən 617 milyon ABŞ dolları) olacağı gözlənilir. Qeyd edək ki, şirkətin rəhbəri Van Sinşin (Wang Xingxing) ötən ilin fevralında "Alibaba"nın qurucusu Cek Ma (Jack Ma), "Tencent" rəhbəri Poni Ma (Pony Ma) və Çin Xalq Respublikasının Sədri Si Cinpin (Xi Jinping) ilə görüşlər keçirib.
Çin istehsalçıları qlobal bazarda necə liderlik edir?
"Omdia" tədqiqat agentliyinin məlumatlarına görə, Çin robot istehsalçıları 2025-ci ildə "Tesla" və "Figure AI" kimi ABŞ rəqiblərini əhəmiyyətli dərəcədə qabaqlayaraq bazarda liderliyi ələ keçiriblər. Ötən ilin iyul ayında "Unitree" cəmi 4900 ABŞ dolları dəyərində olan "R1 Air" modelini təqdim edərək əlçatanlıq üzrə yeni rekord müəyyən etmişdi. Artıq "JoyBuy" və "Amazon" kimi platformalarda da fəaliyyət göstərən şirkət, ikiayaqlı və dördayaqlı robotlara artan tələbat sayəsində ötən il gəlirlərini 300 faizdən çox artırıb.
"Alibaba" və "Unitree" arasında rəqabət qızışır?
"Xiaomi" rəhbəri Ley Szyun (Lei Jun) tərəfindən idarə olunan "Shunwei Capital", həmçinin "Alibaba" və "Meituan" kimi nəhənglərin dəstəyi ilə "Unitree" 2025-ci ildə əsasən universitetlər və tədqiqat laboratoriyaları üçün təxminən 5500 humanoid robot satıb. Şirkətin Şanxayın "Star Market" birjasında planlaşdırılan IPO-su ərəfəsində "Alibaba" ilə tərəfdaşlığı xüsusi diqqət çəkir. Çünki "AliExpress" vasitəsilə xarici bazarlara çıxış imkanları genişlənir.
Bununla belə, tərəfdaşlıq fonunda rəqabət də formalaşır. Belə ki, "Alibaba" bu həftə robototexnika bazarına daxil olduğunu və "Unitree"nin "Go" seriyası ilə rəqabət aparacaq öz dördayaqlı robotunu inkişaf etdirəcəyini açıqlayıb. Eyni zamanda, "AliExpress" ABŞ bazarındakı mövqeyini gücləndirmək üçün tanınmış brendləri "Amazon"dan öz platformasına cəlb etməyə çalışır.






