"Ugreen" şirkəti "Apple" şirkətinin "Find My" şəbəkəsi ilə işləyən yeni trekerini elan edib. Futbol turnirlərindən ilhamlanaraq yaradılan "FineTrack 2" modeli futbol topu formasındadır və açarlardan və ya çantalardan asılmaq üçün nəzərdə tutulub. O, "Apple" şirkətinin "AirTag" modelindən və ya kredit kartı ölçüsündəki trekerlərdən böyük olsa da, çamadanda gizlətmək və ya avtomobilin saxlanc yerinə qoymaq üçün kifayət qədər yığcamdır.
Suya davamlı olan "FineTrack 2" hazırda 19,99 ABŞ dolları qiymətinə satılır. Cihaz "Apple" şəbəkəsində 5-7 il istifadəyə imkan verən 600 mAh tutumlu CR2450 batareyası ilə təchiz edilib. Lakin enerji bitdikdən sonra cihaz elektron tullantıya çevrilir, çünki onun batareyası nə yenidən şarj edilə, nə də dəyişdirilə bilir. Müqayisə üçün qeyd edək ki, "AirTag" batareyası cəmi bir il xidmət etsə də, onu asanlıqla yenisi ilə əvəzləmək mümkündür.
Əsas modellə yanaşı, "Ugreen" həmçinin "FineTrack Mini 2" versiyasını da təqdim edib. Bu cihazın funksionallığı və batareya ömrü top formalı versiya ilə eynidir. O cümlədən suya davamlılıq və 110 dB gücündə yüksək səsli siqnalizasiya xüsusiyyətləri qorunub saxlanılıb. Daha kiçik, yüngül və ənənəvi dizayna malik olan bu model gizlədilmək üçün daha əlverişlidir. Mini versiya yalnız dördlü paketlərdə 45,99 ABŞ dolları qiymətinə təklif olunur.






