"TSMC" şirkəti 5 nm, 3 nm və 2 nm istehsal prosesləri dövründə SRAM yaddaş hüceyrələrinin sahəsini azaltmaqda çətinlik çəkirdi. 2020-ci ildən bəri bu sahədə demək olar ki, heç bir irəliləyiş müşahidə olunmurdu və hüceyrə ölçüsü 0,021 mkm² səviyyəsində qalırdı. Lakin 2028-ci ildə kütləvi istehsalına başlanması planlaşdırılan A14 texnologiyası ilə bu göstəricinin 0,017 mkm²-dən aşağı düşəcəyi gözlənilir.
Bu texnologiya prosessorlara necə təsir edəcək?
SRAM hüceyrələrinin 19%-dən çox kiçilməsi çip dizaynerlərinə daha geniş imkanlar yaradacaq. Daha kompakt yaddaş strukturları sayəsində prosessorlarda kesh yaddaşın həcmini əhəmiyyətli dərəcədə artırmaq və ya çipin fiziki ölçüsünü azaltmaq mümkün olacaq. Bu, xüsusilə yüksək performanslı hesablama sistemləri üçün böyük bir sıçrayış hesab olunur.
"TSMC" və "Intel" arasında rəqabət
Yeni A14 texnologiyası yalnız yaddaş hüceyrələrinin sıxlığını artırmır, həm də tranzistorların keçid sürətini 10–15% yüksəldir və ya enerji istehlakını 30%-ə qədər azaldır. Bu göstəricilərlə "TSMC" rəqibi "Intel"in 18A texnologiyasını geridə qoymağı hədəfləyir. "Intel" hazırda 0,021 mkm² səviyyəsində qalsa da, 2028-ci ildə təqdim edəcəyi 14A texnologiyası ilə bu rəqabətin daha da kəskinləşəcəyi proqnozlaşdırılır.






