"Trump Mobile" şirkəti özünün "T1 Phone" modelinin qiymətində ciddi artıma gedib. Əvvəllər 499 dollar təqdim olunan cihazın qiyməti 250 dollar artaraq 749 dollara çatdırılıb. Şirkət bu dəyişikliyi heç bir rəsmi açıqlama vermədən, gecə saatlarında öz rəsmi veb-saytı üzərindən həyata keçirib.
Daha əvvəl şirkət nümayəndələri 499 dollarlıq qiyməti "tanışlıq qiyməti" və ya "promosyon" kimi təqdim etmişdilər. Lakin hazırda veb-saytda bu ifadələr tamamilə silinib. 12 GB RAM və 512 GB yaddaşa malik olan "T1 Phone"-un texniki göstəricilərində isə heç bir dəyişiklik edilməyib.
Niyə bu telefon tövsiyə edilmir?
Mütəxəssislər 749 dollarlıq qiymətin cihazın imkanları ilə uyğunsuz olduğunu qeyd edirlər. Bu büdcə ilə istifadəçilər "iPhone 17E" və ya "Galaxy S26 FE" kimi daha müasir və güclü modelləri əldə edə bilərlər. Hətta "iPhone 16" və ya "Pixel 10" kimi flaqman modellər də hazırkı qiyməti ilə "T1 Phone"-dan daha üstün performans təklif edir.
Qeyd edək ki, 2026-cı ilin may ayında istifadəçilərə çatdırılmağa başlayan telefonun proqram təminatı ilə bağlı problemlər də qalmaqdadır. Cihaz hələ də köhnəlmiş "Android 15" əməliyyat sistemi ilə işləyir və cəmi bir dəfə təhlükəsizlik yeniləməsi alıb. Bundan əlavə, bəzi alıcılar ödəniş etmələrinə baxmayaraq, sifariş etdikləri telefonun hələ də onlara çatmadığını bildirirlər.






