Elektromobil dünyasının pioneri sayılan "Tesla" şirkəti, uzun illərdir gözlənilən "Roadster" modelinin ikinci nəsli üçün yenidən ön sifarişləri aktivləşdirib. Şirkət rəsmi saytı vasitəsilə müştərilərdən 50 min ABŞ dolları məbləğində beh tələb edir. Bu məbləğin 5 min ABŞ dolları ilkin mərhələdə, qalan 45 min ABŞ dolları isə 10 gün ərzində ödənilməlidir.
Xatırladaq ki, İlon Mask tərəfindən 2017-ci ilin payızında təqdim edilən avtomobilin istehsalına 2020-ci ildə başlanacağı vəd edilmişdi. Lakin ötən 9 il ərzində buraxılış müddəti dəfələrlə dəyişdirilib. Buna baxmayaraq, şirkət "Founders Series" adlı məhdud sayda buraxılacaq seriya üçün 250 min ABŞ dolları ödəməyə hazır olan müştəriləri də gözləyir.
Bu avtomobil hansı texniki göstəricilərlə yadda qalmışdı?
2017-ci ildəki təqdimat zamanı "Tesla Roadster" özünün təsirli göstəriciləri ilə diqqət çəkmişdi. Avtomobilin 100 km/saat sürəti 2 saniyədən az müddətdə yığması, 1000 km-ə yaxın məsafə qət etməsi və 400 km/saat maksimal sürətə çatması vəd edilirdi. Sonradan İlon Mask layihəyə reaktiv mühərriklər vasitəsilə sürətlənmə və hətta levitasiya kimi futuristik funksiyaların əlavə ediləcəyini iddia etmişdi.
Hazırda bazarda bir çox Çin istehsalçısı oxşar texnologiyaları tətbiq etməyə çalışsa da, onların əksəriyyəti hələ də kommersiya mərhələsinə çata bilməyib. "Tesla"-nın 1 oktyabr tarixində keçirəcəyi növbəti təqdimat mərasimində "Roadster" ilə bağlı yeni detalların açıqlanması gözlənilir.






